10.03.2022
10.03.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 10 mart Azərbaycan Milli Teatr Gününün 149 illiyi münasibətilə "Azərbaycan teatrının inkişaf yolu" başlıqlı sərgi keçirdi. 10 mart Milli Teatr gününün yaranması haqqında məlumat verərkən filialın müdiri Rahilə Qasımova tədbiri bu sözlərlə başladı: Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyuldu. Onu da qeyd etdi ki, Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Çünki ilk teatr tamaşaya qoyulana qədər xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları və bayram tamaşaları geniş yayılmışdır. Tədbirdə teatrın keçdiyi inkişaf yolundan, həmçinin milli teatrın dövlət teatrı statusu almasından və 2006-cı ildə Azərbaycanda "Teatr və teatr fəaliyyəti haqqında" verilmiş Azərbaycan Respublikasının Qanunundan da söhbət açıldı. Milli teatrın inkişafında xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi teatr binası və müasir teatrımızın inkişaf yolunda mədəniyyət və incəsənətimizin hamisi sayılan Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıldı. Sərgidə teatrımızın inkişafında xüsusi xidmətləri olan sənət insanlarına və teatrın inkişaf yolundan bəhs edən kitablar sərgilənmişdir. Filialın müdiri sərgilənmiş hər bir kitab haqqında məlumat verdi.
Tədbirdə 24 saylı orta məktəbin şagirdləri və kitabxananın oxucuları iştirak etdilər.